Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlığa Kömək Milli Fondu Abşeronda işgüzar forum keçirib

28 dekabr 2016 | 16:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Dekabrın 28-də bu istiqamətdə növbəti tədbir – Abşeron rayonunda yerləşən Heydər Əliyev Məkəzində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Abşeronda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev, Abşeron rayonunun kənd və qəsəbələrində fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib.

Toplantıda çıxış edən xanım  İ.Gülməmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Abşeron rayonunda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib. Abşeron rayonunda sahibkarlığın daha da inkişafı üçün hər cür şəraitin yaradıldığını, bunun nəticəsində bir neçə müəssisənin fəaliyyətə başladığını qeyd edən İ.Gülməmmədova vurğulayıb ki, rayonda əhali sayının sürətlə artması yeni-yeni sahibkarlıq istiqamətlərinin formalaşdırılması üçün əlavə imkanlar yaradıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun fəaliyyəti barədə məlumat verib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlər, taxıl anbarı, quşçuluq fabrikləri, istixana təsərrüfatları, çörək zavodları, tikinti materialları, tara, yüngül və yeyinti sənayesi məhsullarının istehsalı, ət, mis emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

Forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, üzlük daşların, dam örtükləri, plastik qablar və polietilen paketlər istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 20 sahibkara 7,7 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, müasir istixana kompeksinin yaradılması, quşçuluq, dondurma, hava kompressorları istehsalı sahələrinin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması nəticəsində 180-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Sonda çıxış edən sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər